İtirilmiş taleyin, min tapıntı dərdi var
Dərd içindən gülənin gülüşü də dərd dadar
Gülüşümü itirdim,
dəyişdi yanağıma, çuxur açan qəmzənin cığırı başqa yola.
Unutdu öz yolunu, unutdu yaddaşın da.
Sonra, qara gözlərim
düşdü dərin quyuya, nə bir karvan yetişdi,
Nə qardaş çəkdi ordan,
boğuldu öz yaşında.
Saçlarımı itirdim,
parıldayan günəşin işığında sevinən, o gözəl saçlarımı...
Hər səhər yastığımdan yığdığım qara tellər ovucumda qıvrıldı, utandı göz yaşımdan.
Ümidimi itirdim,
Daha "yaxşı olacaq" - olanları itirdim
Ömrün çoxu getmişdi, qalanları itirdim
Bilsəydim bu yolları təkcə geri dönmək var
Yapışardım başımdan
Saxta duyğularına min çalarda don geyən,
İtirdiyim nə varsa o rənglərdə boğuldu
Mən xınalı qəlbimdə səadəti bəslərkən
İçimdə mərdi qovub bir namərdi doğurdu
Nə sevgi nə məhəbbət hamısı boş yalanlar
Sağ ol ki, insanlara
Güvənimi itirdim